Futbol üzrə Azərbaycan milli komandası Bəhreynə yola düşüb.

Nikola Yurçeviçin rəhbərlik etdiyi kollektiv bu gün saat 11:00-da Heydər Əliyev Beynəlxalq Aeroportundan paytaxt Manamaya uçub. Komanda təxminən 3 saat sonra təyinat nöqtəsinə çatacaq.

Səfərə 23 futbolçu ilə çıxan Azərbaycan millisi oktyabrın 9-da Bəhreyn yığması ilə yoldaşlıq oyunu keçirəcək. Bəhreyn Milli Stadionunda baş tutacaq qarşılaşma Bakı vaxtı ilə saat 20:30-da start götürəcək.

Milli komanda həmin matçdan dərhal sonra AVRO-2020-nin seçmə mərhələsinin Macarıstanla oyunu üçün Budapeştə üz tutacaq. Bu rəqiblə görüş isə oktyabrın 13-də “Groupama Arena”da olacaq və saat 20:00-da başlanacaq.

Qeyd edək ki, Maksim Medvedev, Anton Krivotsyuk və Dmitri Nazarov cəzalı olduqları üçün toplanışa çağırılmayıblar. Səlahət Ağayev və Mahir Emreli isə zədəli olduqları üçün Mehdi Cənnətov və Namik Ələskərovla əvəzləniblər.