Azərbaycan Premyer Liqasının I dövrəsini lider kimi başa vuran “Qarabağ”ın 7 oyunda 7 qələbə qazanması çempionatın tarixinə düşüb.

Peşəkar Futbol Liqasının rəsmi saytı xəbər verir ki, 1992-ci ildən keçirilən ölkə çempionatları tarixində 7-ci dəfə komandalardan biri ilk 7 turda xal itirmir. İndiyədək qeydə alınan 6 belə hadisəyə üç komanda imza atıb. “Neftçi” 4, “Şəfa” və “Xəzər Lənkəran” hərəyə 1 dəfə uğurlu startla fərqlənib. “Qarabağ” isə bunu bacaran 4-cü klub olub.

Sonuncu belə seriya 12 il əvvələ təsadüf edib. Həmin vaxt “Xəzər Lənkəran” çempionata ardıcıl 7 qələbə ilə başlayıb.

1992 Neftçi        7 7 0 0 20-2 14

1994/95 Neftçi     7 7 0 0 26-3 14

1996/97 Neftçi     7 7 0 0 30-2 21

2000/01 Neftçi     7 7 0 0 22-2 21

2003/04 Şəfa        7 7 0 0 22-2 21

2007/08 Xəzər Lənkəran   7 7 0 0 16-2 21

2019/20 Qarabağ                7 7 0 0 17-1 21

Startdakı ardıcıl qələbələr üzrə rekord “Neftçi”yə məxsusdur. Bakılılar 1992-ci ildə 12, 1994/1995 mövsümündə 10 (qələbəyə görə 2 xal verildiyi çempionatlar), 1996/1997 mövsümündə 9 qələbəni sıralayıb. “Şəfa”nın seriyası 8 oyun sürübsə, “Neftçi”nin son uğurlu startı və Lənkəran təmsilçisi 7 qələbə ilə kifayətlənib.