Kitab qoxusu çoxumuzun ağlını başından alan qoxudur. Təəssüflər ki, dünyamız müasirləşdikcə elektron kitablara üstünlük verilir. Uşaqkən nağıl kitabıyla tanış oluruq və beləliklə xəyal gücümüz formalaşır.

Tovuz müxbirimiz rayonda artıq bir ildir ki, online kitab satışı və icarəsiylə məşğul olan Günel Nağıyevanı danışdırıb.

– Kitablar bizə nə qazandırır?

– Söz bazamızı genişləndirir. Yaddaşımızı gücləndirir. Fərqli, kreativ ve adil düşüncə tərzinə sahib olmağımıza köməklik edir və s..

– Bəs biz yetəri qədər kitab oxuyuruqmu?

– Ümumilikdə ölkədə insanların oxu səviyyəsi çox aşağıdır. O cümlədən rayonumuzda və qərb bölgəsində də mütaliə edənlərin sayı azdır. Rəqəmlər isə qorxunc. Elə olur, bir ay ərzində cəmi 6-7 kitab ancaq satıram. İcarəyə isə maksimum 13-15 kitab götürülür.

– Oxucular daha çox hansı kitablara maraq göstərirlər?

– Oxucular ən çox xarici müəlliflərin kitablarına maraq göstərirlər. Misal üçün, Miraç Çağrı Aktaş, Sürəyya Koç və Fyodor Dostoyevski kimi yazıçılara daha çox üstünlük verilir. İnsanlar kitab oxumağı həyatlarının bir parçasına çevirsələr, gözəl olar.

– Siz bu istiqamətdə hər hansı bir iş görürsünüzmü?

– Yaxın müddətdə gənclərin kitab oxumağa marağını artırmaq üçün motivasiya təlimləri təşkil ediləcək, ona hazırlaşırıq.